UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA
Sentyabrın 7-də Prezident sarayında Ukrayna Prezidenti Viktor Yuşşenkonun rəsmi qarşılanma mərasimi olmuşdur.
Sarayın həyətindəki rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Ukrayna Prezidenti Viktor Yuşşenkonu səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Ukraynanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev və Viktor Yuşşenko fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Ukrayna Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Ukrayna Prezidenti Viktor Yuşşenkoya, Ukrayna nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.
Dövlət başçıları Prezident sarayında xatirə şəkli çəkdirdilər.