İQTİSADİYYAT
Ukraynada keçirilən Beynəlxalq Logistik Forumda Azərbaycanın nəqliyyat potensialı diqqətə çatdırılıb
Bakı, 31 may, Elvin Camalov, AZƏRTAC
Ukraynanın Odessa şəhərində “Transport and Logistics” adlı beynəlxalq ekspeditorların forumu keçirilib. Beynəlxalq ekspeditorlar forumu, bu sahədə çalışan biznes nümayəndələr üçün bir platforma olaraq, mövcud problemlər və çağırışlar, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlanması kimi məsələlərin müzakirə edilməsinə şərait yaradıb.
Forumda “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Express” MMC və “ADY Container” MMC-nin nümayəndələri iştirak ediblər.
“ADY Express”dən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Azərbaycan, Gürcüstan və Ukrayna dəmir yolları nümayəndələrinin İran və Çinin yük sahibləri ilə keçirilən görüşlərdə, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan “Cənub-Qərb” Beynəlxalq nəqliyyat dəhlizinin və İranın Astara şəhərində Azərbaycan Dəmir Yolları tərəfindən, inşa edilən yük terminalının, eləcə də “Orta Koridor” - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yollarının təqdimatı keçirilərək, dövlət və özəl sektorunun nümayəndələri və beynəlxalq təşkilatlarla iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Azərbaycan nümayəndə heyətinin keçirdiyi ikitərəfli görüşlərdə, biznes proseslərinin təkmilləşdirilməsi, “Cənub-Qərb” və “Orta Koridor” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə həyata keçirilən yükdaşımaların tarifləri, Asiya-Avropa istiqamətində yükdaşımalar sahəsində aparıcı texnologiyaların tətbiqi kimi məsələlər diqqət mərkəzində olub. Azərbaycan ekspertləri tədbir iştirakçıları ilə logistik məsələlərin həllinə dair məsləhətləşmələr apararaq, strateji tərəfdaşlarla gələcək əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Avropa-Asiya istiqamətində yükdaşımaların inkişafına dair keçirilən yüksək səviyyəli görüşdə isə, Azərbaycanda dəmir yolu logistikası sahəsində görülən işlər, həyata keçirilən iri infrastruktur layihələr, Azərbaycanın nəqliyyat potensialı və ölkəmizdə nəqliyyat sektorunda görülən işlər haqqında geniş məlumat verilib.