UKRAYNADA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR EDİLMİŞ TƏDBİRLƏR UĞURLA KEÇMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 21-23-də Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycan Dostluğu Beynəlxalq Fondu (UADBF) ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş tədbirlər keçirmişlər.
Aprelin 21-də “Kiyev” hotelinin restoranında Azərbaycan mədəniyyət xadimləri ilə görüş olmuşdur. Görüşdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev, Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin sədri Anar, “Ukrayna” Mədəniyyət Fondunun rəhbəri yazıçı Boris Oliynık, şair-tərcüməçi İvan Draç, UADBF-nin prezidenti İlqar Abbasov, “Kiyevskaya Rus” jurnalının baş redaktoru Vasıl Stus və başqaları müasir dövrün görkəmli dövlət və siyasi xadimi, ümummilli lider Heydər Əliyevin tarixi rolunu, onun Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsinə böyük töhfəsini, mədəniyyət xadimlərinə qayğı və diqqətini, digər nəcib keyfiyyətlərini vurğulamışlar.
Gecədə “Kiyevskaya Rus” jurnalının ulu öndər Heydər Əliyevə və Azərbaycana həsr edilmiş xüsusi buraxılışının təqdimatı olmuşdur.
Opera müğənnisi Fidan Hacıyevanın qəbul iştirakçıları qarşısında çıxışı çox uğurlu olmuşdur. O, Azərbaycan, Ukrayna və dünya musiqisi klassiklərinin əsərlərini ifa etmişdir.
Aprelin 22-də Azərbaycan nümayəndə heyəti ölkəmizin Kiyevdəki səfirliyinin yaxınlığındakı bağda ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyandan sonra Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutunun professor-müəllim heyəti və azərbaycanlı tələbələri ilə görüşmüşdür.
Axşam Kino Evində dünya kinosunun ustad sənətkarlarından olan Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Oleq Səfərəliyevin çəkdiyi “Əlvida, cənub şəhəri” filminin premyerası olmuşdur.
Film çox böyük maraq və alqışlarla qarşılanmışdır.
Ukraynada Azərbaycanın ümummilli lideri, gənclərin böyük dostu Heydər Əliyevə həsr edilmiş tədbirlərin sonuncu günündə bizim nümayəndə heyəti Taras Şevçenko adına KMU-nun Filologiya İnstitutunda Azərbaycan dili və ədəbiyyatını öyrənən tələbələrlə görüşmüşdür.
Tədbirlər Ukrayna KİV-lərində geniş işıqlandırılmışdır.