Ukraynada “Xocalı həftəsi” faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir ilə başa çatmışdır
Kiyev, 26 fevral (AZƏRTAC). AZƏRTAC-ın xəbər verdiyi kimi, Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (ARDNŞ) Kiyevdəki nümayəndəliyinin və Ukrayna Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) təşəbbüsü ilə fevral ayı Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bu ölkədə “Xocalı ayı” elan edilmişdir.
Fevralın 26-da Azərbaycanın Ukraynadakı səfirliyində “Xocalı ayı” çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yekun tədbir keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli gecəni giriş sözü ilə açaraq, bəşəriyyətin XX əsr tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı qırğınından, bir gecədə bütöv bir şəhəri yer üzündən silmiş, silahsız dinc əhaliyə divan tutmuş ermənilərin vəhşiliklərindən danışmışdır. Diplomat xüsusi vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev “Xocalıya ədalət!” kampaniyasının keçirilməsinə dair tədbirlər barədə Sərəncam imzalamışdır.
O bildirmişdir ki, ARDNŞ-in nümayəndəliyi, UAGİ və Azərbaycanın digər diaspor təşkilatları Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası çərçivəsində bütün Ukraynada Xocalıya həsr olunmuş anım tədbirləri keçirmişlər.
Səfir onu da bildirmişdir ki, həmin tədbirlər başa çatanda Ukrayna azərbaycanlılarının xarici ölkələrin Kiyevdə akkreditə olunmuş səfirliklərinə və beynəlxalq təşkilatların missiyalarına, dünya birliyinə Xocalıda qanlı qətliamı pisləmək və bəşəriyyət əleyhinə cinayətlərə görə günahkarların məsuliyyətinə cəlb etmək çağırışı olan müraciətləri hazırlanmışdır.
Sonda rejissor Vahid Mustafayevin “Xoca” bədii filmi nümayiş etdirilmişdir.
Salonda qoyulmuş stendlərdə Xocalı qırğınını əks etdirən fotoxronika şəkilləri, faciə mövzusunda uşaq rəsmləri və dünya KİV-lərinin Xocalı barədə yazılarının fotosurətləri nümayiş etdirilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev