Ukraynadakı Türkiyə vətəndaşları Kiyev və Odessada səs verirlər
Kiyev, 5 may, AZƏRTAC
Ukraynada müvəqqəti və daimi yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərində səsvermə prosesi start götürüb.
AZƏRTAC xəbər verir ki, səsvermə Türkiyənin Kiyevdəki səfirliyində, Odessadakı baş konsulluğunda mayın 5-i saat 9:00-dan mayın 7-si saat 21:00-dək keçiriləcək.
Türkiyənin Ukraynadakı səfiri Yağmur Güldere AZƏRTAC-a açıqlamasında bildirib ki, bu, ölkənin xaricində keçirilən sayca 6-cı səsvermədir.
“Məmnuniyyətlə deyə bilərəm ki, xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsvermədə iştirakı seçkidən-seçkiyə aktivləşir. Prosesin gedişi göstərir ki, Ukraynada müvəqqəti və daimi yaşayan Türkiyə vətəndaşlarının 50 faizdən çoxu səsvermədə iştirak edəcək”, - deyə səfir əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev