Ulu Öndər Azərbaycanın müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarıdır
Naxçıvan, 16 mart, AZƏRTAC
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının misilsiz təəssübkeşi, XX əsrin 90-cı illərində yenidən müstəqilliyə qovuşmuş dövlətçiliyimizin xilaskarı, müasir Azərbaycanın qurucusudur.
AZƏRTAC xəbər verir ki, bu sözlər Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində Heydər Əliyev lektoriyasının “Heydər Əliyev - Azərbaycanın müstəqillik tarixinin müəllifi, xalqımızın xilaskarı” mövzusunda keçirilən növbəti məşğələsində səsləndirilib.
Xidmətin rəisi Əbil Əbilov bildirib ki, Azərbaycan tarixinin ən parlaq siması olan Ulu Öndərimizin keçdiyi həyat yoluna nəzər yetirdikdə bütöv bir xalqın dünəni, bu günü və sabahı aydın görünür. Biz bu gün böyük iftixar, qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti dahi şəxsiyyətin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətidir.
Tədbirdə AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin, Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Kimya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Tofiq Əliyevin çıxışları dinlənilib. Çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə respublikamızda hüquqi-siyasi və sosial-iqtisadi inkişaf, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlardan danışılıb.
Bildirilib ki, dahi şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə xalqımız qarşısında xidmətlərini davam etdirib. Həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törədənləri kəskin ittiham edib. Moskvadan Naxçıvana gəlməsi, 1991-ci il sentyabrın 3-də muxtar respublika əhalisinin təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Naxçıvanı siyasi oyunlardan və erməni işğalından xilas edib. Dahi rəhbərin müəyyənləşdirdiyi siyasət bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilir.
Sonda Ümummilli Liderin həyatı və siyasi fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.