Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev milli dövlətçilik tariximizin yaradıcısı kimi” adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ümummilli Liderə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.
Tədbirdə muzey rəisi Əzizağa Qənizadənin “Heydər Əliyev və ordu quruculuğu”, muzeyin tədqiqatçı-baş elmi işçisi Vahid İsmayılovun “Heydər Əliyevin neft strategiyası və Azərbaycanın xarici siyasəti” adlı məruzələri, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Yeni tarix” şöbəsinin müdiri Hacı Həsənovun və digərlərinin çıxışları dinlənilib.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev dünyanın nadir, seçilən siyasət adamlarından idi. Heydər Əliyevin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, özünün nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, əqidə, rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır. Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Tədbirdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin nümayəndəsi Ramal Süleymanov, müharibə veteranları Azad Həsənov, Səlim Mehdiyev, Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi polkovnik Ramiz Məmmədov, Abşeron Rayon Veteranlar Şurasının sədr müavini Sahib Əsgərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin bədii hissəsində Müdafiə Nazirliyinin Nümunəvi Əlahiddə Orkestrinin solistlərinin, Azərbaycan Dövlət Kukla Teatrı nəzdində “Oyuq” teatr-studiyasının üzvlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirilib.
Sonda ifaçılar fəxri fərmanla təltif olunub.