Ulu öndər Heydər Əliyev mədəni irsimizin qorunmasına xüsusi qayğı göstərib
Quba, 7 may, Elxan Yusifli, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə bütün rayonlarda Mərkəzləşmiş Kitabxana Sistemləri yaradılıb. Müstəqilliyin ilk illərində kitabxanaları mühafizə etmək, milli mənəvi sərvətləri gələcək nəsillərə çatdırmaq üçün “Kitabxana işi haqqında” Qanun imzalanıb. Daha sonra Ulu Öndərin ideyalarının təntənəsi kimi 2004-cü ildə Prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncama əsasən indiyə kimi 600 addan çox 10 milyona qədər kitab latın qrafikası ilə çap olunaraq respublikamızın bütün kitabxanalarına göndərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə mayın 7-də Qubada Mədəniyyət Nazirliyi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş respublika konfransında bildirilib.
Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Daha sonra qonaqlar Quba Heydər Əliyev Mərkəzində ümummilli liderin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablarından ibarət sərgi və eyni zamanda, uşaqların rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Konfransın əvvəlində ümummilli lider Heydər Əliyevin Milli Kitabxanadakı çıxışı nümayiş etdirilib, dövlət himni səsləndirilib və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən söhbət açaraq onun respublikamızın hərtərəfli inkişafının əsasını qoyduğunu, əsaslı hüquqi islahatlar apardığını, müstəqil Azərbaycanın onun ideyalarının işığında sürətlə inkişaf yolu keçdiyini və dünyada söz və nüfuz sahibinə çevrildiyini bildiriblər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycanda kitab və mütaliə mədəniyyətinin inkişafına Heydər Əliyev qayğısı” mövzusunda çıxış edərək Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb.
Bildirilib ki, Ulu Öndər 4 dəfə Milli Kitabxanada olub və hər gəlişi zamanı öz qeydləri, fikirləri olan nəşrləri hədiyyə etməklə bir növ ziyalılara çağırış edərək kitabxanaya kitab bağışlama ənənəsinin əsasını qoyub. Onun timsalında görkəmli ziyalılar zəngin kitab xəzinələrini kitabxanaya bağışlayıblar. Ulu öndər Heydər Əliyev mədəni irsimizin qorunmasına xüsusi qayğı ilə yanaşıb.
Kərim Tahirov bildirib ki, 2007-ci ildə “Azərbaycanda kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi haqqında”, 2008-ci ildə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması haqqında sərəncamlar kitabxanaların müasir dövrün tələblərinə uyğun olaraq qurulmasına rəvac verib.
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru Rasim Süleymanov “Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu” mövzusunda, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin müəllimi, Ədalət Əliyeva “Dahi azərbaycanlı, dahi şəxsiyyət” mövzusunda, Çiçi kənd tam orta məktəbin müəllimi Rüfət Mürsəlov “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzələrlə çıxış ediblər.