MƏDƏNİYYƏT
Ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi seminar keçirilib
Bakı, 8 may, AZƏRTAC
Koronavirus ilə əlaqədar karantin şəraitində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının, Bakı Humanitar kollecin müəllim kollektivinin iştirakı ilə ulu öndər Heydər Əliyevə həsr olunmuş elmi seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarda məruzəçi sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Mehparə Rzayeva ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinə bəxş etdiyi töhfələrdən, qayğı və diqqətindən bəhs edib.
Məruzəçi elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanovun “Əsrin Dahisi” simfonik poemasını təqdim edərək, əsər haqqında məlumat verdikdən sonra simfonik poemanı səsləndirib.
Ü.Hacıbəyli adına BMA-nın elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə və elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayıl-zadə seminarın mahiyyətini, Ulu Öndərimizin əziz xatirəsinin yaradıcı insanların, o cümlədən bəstəkarlarımızın əsərlərində musiqinin dili ilə əks olunan yüksək təcəssümünü vurğulayıblar.
Daha sonra Azərbaycan Respublikasının Xalq Artisti, professor Ramiz Quliyev, Heydər Əliyevin xalqına, millətinə olan sevgi və qayğısından bəhs edib.
Seminarda iştirak edən Bakı Humanitar kollecin əməkdaşları, musiqi və dirijorluq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Xankişiyeva, xanəndə müəllimi Sara Abdullayeva və Tuqay İsmayılov, musiqi müəllimi Samirə Kərimova, kamança müəllimi Gülnarə Məmmədova, teatrşünas müəllimi Zülfiyyə Dəvəliməhəmməd, musiqi nəzəriyyə müəllimi Afaq Məmmədova seminardan məmnun qaldıqlarını və gələcəkdə də bu cür elmi-praktiki seminarlarda iştirak etmək arzularını bildiriblər.
Seminar elmi tədqiqat laboratoriyasının əməkdaşlarının təklif və tövsiyələri ilə başa çatıb.