Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən mayın 6-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə tədbiri keçirilib.
“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan “100 il - 100 ağac” başlığı altında ağacəkmə aksiyası Bakı Ekspo Mərkəzinin həyətyanı sahəsində baş tutub.
AZƏRTAC xəbər verir ki, ağacəkmə tədbirinin əsas məqsədi Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının üzvlərini bir araya toplayaraq, ətraf mühitin qorunmasına və bərpasına hər zaman böyük önəm vermiş Ulu Öndərin 100 illik yubileyini qeyd etmək olmuşdur. Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm verib, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın vacibliyini zəruri hesab edib. Onun ölkəyə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqətlə yanaşılıb, paytaxtla yanaşı regionlarda yaşıllaşdırma işlərinə xüsusi əhəmiyyət verilib.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədr müavini Hikmət Məmmədov və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının Sədri Fərid Məmmədov açılış nitqi ilə çıxış ediblər. Ağacəkmə aksiyasına ASTA-nın üzvləri Bakı Ekspo Mərkəzinin ətrafında 100 ağac əkilib. Ağacəkmə aksiyasında “Caspian Event Organisers”, “Iteca Caspian”, “AzExpoMontage”, “Pasha Property Management”, “Caspian Freight Services”, “GREENWICH Travel Club” şirkətləri və Bakı Ekspo Mərkəzinin nümayəndələri iştirak ediblər.
Bu il Ümummilli Liderin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Azərbaycanda sərgi sənayesinin əsasının qoyulmasında Ulu Öndərin müstəsna rolu olub. Belə ki, ölkəmizdə beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü Heydər Əliyev tərəfindən irəli sürülüb. Azərbaycanda ilk beynəlxalq sərgi - “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan yeni neft strategiyasının elan olunması eyni vaxta - 1994-cü ilə təsadüf edir.
Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən təşkil edilən ağacəkmə tədbiri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir daha anaraq, onun yaşıllıqlara, təbiətin mühafizəsinə olan qayğı ənənəsini davam etdirir.
Bundan əlavə, ağacəkmə tədbirləri ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də insanların ekoloji problemlərə daha həssas yanaşmasına və bununla bağlı birgə fəaliyyətə səsləməyə xidmət edən faydalı fəaliyyət növlərindən ibarətdir.