Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri var
Füzuli, 7 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycan təhsilinin hərtərəfli yüksəlişinin qayğısına qalıb, bu sahədə inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Horadiz şəhərində keçirilən tədbirdə səsləndirilib. Rayonun təhsil işçiləri və ictimaiyyət nümayəndələri əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında dahi rəhbərin abidəsi önünə tər qərənfillər düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.
Tədbirdə Füzuli rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovanın “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda məruzəsi dinlənilib. Məruzə və çıxışlarda xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız qarşısında tarixi xidmətlərindən, müstəqil Azərbaycanın elminə, təhsilinə verdiyi töhfələrdən bəhs edilib.
Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova çıxışında bildirib ki, Ümummilli Lidеrin təməlini qоyduğu təhsil siyаsəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişаf еtdirilir.
Çıxışlardan sonra iştirakçılar ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar. Tədbirdə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, musiqi təmayüllü gimnaziyanın şagirdləri musiqi nömrələri və rəqslərlə çıxış ediblər.