ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MÜDRİK SİYASİ XƏTTİ XALQIMIZI XOŞBƏXT GƏLƏCƏYƏ APARIR
AZƏRTAC xəbər verir ki, mayın 2-də Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) tələbə gənclər təşkilatı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) ilə birgə ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev kursunun uğurlu davamı” mövzusunda konfrans keçirmişdir.
Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səslənmişdir.
Universitetin tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev ümummilli lider Heydər Əliyevin elm və təhsil sistemində yaratdığı möhkəm bünövrədən, onun yüksək diqqət və qayğısı sayəsində bu sahədə qazanılmış uğurlardan danışmışdır. Bildirmişdir ki, ümummilli liderimiz Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz xalqın yüksək səviyyəli təhsil almasında, maariflənməsində görür, respublikada fundamental və humanitar elmlərin tərəqqisi üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Natiq müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusunun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ulu öndər tərəfindən müəyyən edilmiş milli inkişaf strategiyasını uğurla davam etdirdiyini vurğulamışdır.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və başqaları çıxış edərək, Azərbaycan tarixinin 34 illik dövrünün, xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəlişin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişlər.
Natiqlər tələbələrə ulu öndərimizin irsini daha dərindən öyrənməyi tövsiyə etmişlər.
Konfransda tələbələr arasında Heydər Əliyev irsini təbliğ etmək məqsədilə keçirilmiş “Mən Heydər Əliyev irsini öyrənirəm” mövzusunda məqalə və şeir müsabiqəsinin qaliblərinə BŞGİBİ-nin diplom və xatirə hədiyyələri verilmişdir.
Sonda universitetin tələbələri ədəbi bədii-kompozisiya nümayiş etdirmişlər.