ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN NURLU İDEYALARI ƏBƏDİ YAŞAYACAQDIR
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş “Heydər Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı” mövzusunda tədbir keçirilmişdir.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov çıxış edərək, xalqımızın böyük oğlu, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etmişdir.
Bildirilmişdir ki, son illər ərzində informasiya və kommunikasiya texnologiyaları sahəsində görülmüş bir çox işlər nəticəsində ölkəmiz regionda lider dövlətə çevrilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev ölkəmizdə İKT-nin inkişafı və hərtərəfli tətbiqi sahəsində bir çox nailiyyətlər əldə olunduğunu qeyd etmişdir.
DİA-nın İnformasiya Texnologiyaları Mərkəzinin müdiri, professor Azad Abbaszadə akademiyada gələcək dövlət məmurlarına informasiya texnologiyalarının öyrədilməsinin vacibliyini vurğulamışdır.
Dahi rəhbərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının (YAP) şərəfli inkişaf yolundan bəhs edən YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov ümummilli liderimizin zəngin siyasi irsinin nəsillərə layiqli örnək olduğunu diqqətə çatdırmışdır.
Z.Qaralov ümummilli liderimizin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Eyni zamanda, respublikamızda qazanılan nailiyyətlərdən bəhs etmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilmişdir.