ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ SEMİNAR
Aprelin 23-də Qafqaz Universitetində ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş “Xalqımızın ümummilli lideri Heydər Əliyev - Azərbaycan elminin və təhsilinin böyük qayğıkeşi” mövzusunda seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç Türkiyə ilə Azərbaycanın tarixi birliyindən danışmış, qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin müstəsna rolunu vurğulamışdır.
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov məruzəsində görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünya ölkələri arasında nüfuzunun yüksəlməsində tarixi xidmətlərini diqqətə çatdırmışdır.
Dahi rəhbərimiz Heydər Əliyevin Azərbaycan elminin və təhsilinin inkişafına daim böyük önəm verdiyini qeyd edən rektor, ulu öndərimizin siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Akademik A.Məhərrəmov dövlətimizin başçısı İlham Əliyevin təhsil sahəsi ilə bağlı fərman və sərəncamlarının əhəmiyyətini nəzərə çarpdırmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinin ölkəmizdə geniş qeyd olunduğunu vurğulayan rektor, əlamətdar günlə bağlı BDU-da da müxtəlif tədbirlərin keçirildiyini söyləmişdir.
Bu il respublikamızda növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan akademik A.Məhərrəmov, qarşıdan gələn seçkilərdə də xalqımızın İlham Əliyevi yekdilliklə dəstəkləyəcəyinə əmin olduğunu bildirmişdir.