Ulu Öndərin 100 illik yubileyi münasibətilə AHİK yeddi min ailəyə ərzaq yardımı edib
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə respublikanın rayonlarında 4500 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.
AZƏRTAC xəbər verir ki, bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 2500 ailəyə də ərzaq göndərilib. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd edilən kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər.
Qeyd edək ki, bununla da sovqat göndərilən ailələrin ümumi sayı 65 minə çatıb.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev jurnalistlərə müsahibəsində bildirib ki, vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstək göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanitar layihələrə dəstək verir, həmin kateqoriyalardan olan insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Azərbaycan həmkarlar ittifaqları da belə sosial layihələrin əsas iştirakçılarındandır.
Səttar Möhbalıyev xatırladıb ki, İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci ilin aprelində 3900, 2021-ci ilin martında 3900, mayında 4000, 2022-ci ilin martında 4 065, noyabrında 4 500, dekabrında 4 500, 2023-cü ilin martında isə 4 650 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaq göndərilib. Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb.
“Budəfəki ərzaq yardımı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilib. Qeyd edim ki, Ulu Öndər doğma Azərbaycana rəhbərlik etdiyi illərdə titanik fəaliyyəti nəticəsində ölkəmiz tənəzzüldən intibaha, bataqlıqdan işıqlı sabaha çıxmışdı. Heydər Əliyev xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir”, - deyə AHİK sədri qeyd edib.