REGİONLAR
Ulu Öndərin “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kəlamı yaşlı nəslə verilən ən yüksək qiymətdir
Daşkəsən, 3 iyun, Elcan Məmmədov, AZƏRTAC
İyunun 3-də Daşkəsən Rayon Ağsaqqallar Şurasının növbəti konfransı keçirilib. Konfransda Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, ağsaqqallar, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə konfrans iştirakçıları Daşkəsən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüblər.
Konfrans işinə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
Konfransı açan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov bildirib ki, ulu öndər Heydər Əliyev həmişə ağsaqqallara və ağbirçəklərə diqqətlə yanaşıb. Ulu Öndərin böyük müdrikliklə söylədiyi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kəlamı yaşlı nəslə verilən ən yüksək qiymətdir. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həmin ənənə uğurla davam etdirilir.
Namiq Süleymanov qeyd edib ki, cəmiyyətin bütün sahələrində həmişə ağsaqqal nüfuzuna, ağsaqqal tövsiyəsinə və sözünə ehtiyac var. Daşkəsən rayon ağsaqqalları da bütün sahələrdə hər zaman fəallıq göstərərək öz nüfuzlarından əhalinin mənafeyi naminə istifadə edirlər. O, Daşkəsən Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirərək bundan sonra da onlara xoşməramlı, məsul və şərəfli işlərində yeni uğurlar arzulayıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov isə çıxışında Şuranın fəaliyyəti və qarşıda duran vəzifələr barədə söz açıb.
Gündəliyə uyğun olaraq Daşkəsən Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən dövrdə Şuranın gördüyü işlər barədə ətraflı məlumat verib.
Sonra hesabat məruzəsi ətrafında rayon ağsaqqallarından Bakir Qurbanov, Tofiq Qəmbərov, şəhid atası Etibar Cəfərov və şəhid anası Qızbəs Abbasova çıxış edərək, Rayon Ağsaqqallar Şurası tərəfindən hesabat dövründə dəyərli təşəbbüslərin qaldırıldığını, verilən təkliflərin ictimaiyyət tərəfindən müsbət qarşılandığını və bir çox məsələlərin həllinə nail olunduğunu vurğulayıblar.
Müzakirələrdən sonra Daşkəsən Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə dair illik hesabat səsə qoyularaq qəbul edilib.