ÜLVİLİK, GÖZƏLLİK VƏ SƏDAQƏT RƏMZİ OLAN AZƏRBAYCAN QADINI
AZƏRTAC xəbər verir ki, aprelin 26-da Dövlət Sərhəd Xidmətinin mərkəzi aparatında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Dövlət Sərhəd Xidmətinin qadın əməkdaşlarının və Milli Məclisin qadın deputatlarının iştirak etdiyi tədbirdə tibb xidməti polkovnik-leytenantı Zərifə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Zərifə Əliyeva adına muzeyin direktoru, tibb elmləri namizədi Nüşabə Hacıyeva unudulmaz yubilyarın həyat və fəaliyyətindən danışaraq söyləmişlər ki, Zərifə xanım ülvilik, gözəllik və sədaqət rəmzi olan Azərbaycan qadınıdır.
Natiqlər bildirmişlər ki, bütün yüksək elmi titullara, uzun illər cəmiyyətdə daşıdığı yüksək statusa rəğmən Zərifə xanım öz sadəliyini daim qorumuşdur. Zərifə xanım elm üçün gözəl tədqiqatçı, ulu öndər Heydər Əliyev üçün ləyaqətli həyat yoldaşı, sadiq dost, silahdaş, övladları üçün qayğıkeş ana və nənə, bu çevrədən kənardakı şəxslər üçün isə əsl insanlıq mücəssəməsi olmuşdur.
Qeyd edilmişdir ki, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirən, Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşdırma kursu keçən Zərifə Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna gətirib çıxarmışdır. 1949-cu ildən 1967-ci ilə kimi, 18 il ərzində bu institutda işləmiş Zərifə xanımın həkimlik fəaliyyətinin ilkin mərhələsi elə bir dövrə təsadüf etmişdir ki, o illərdə traxoma infeksion xəstəliyi Azərbaycanda da geniş yayılmış, gözü zədələyən və əksər hallarda ağır nəticəyə, hətta tam korluğa səbəb olan bu xəstəliklə mübarizə işinin düzgün təşkili respublikamızda ən vacib məsələlərdən birinə çevrilmişdir. Belə bir dövrdə Zərifə Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktiki tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmişdir. Konkret müalicə təcrübəsindən başqa, o, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara getmiş, həkim oftalmoloqlara məruzələr oxumuş, əhali arasında söhbətlər aparmışdır.
Zərifə xanım Əliyeva 1960-cı ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya ixtisası üzrə baş elmi işçi” adı vermişdir. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva 1981-ci ildə oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadındır.
1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişlənmişdir. Azərbaycanın əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının laueratı, akademik Z.Əliyeva dünyanın ən görkəmli tibb tədqiqatçıları tərəfindən nüfuzlu alim kimi qəbul edilmişdir. Onun 150-yə yaxın elmi əsəri, 12 monoqrafiyası çapdan çıxmış, məşğul olduğu elm sahəsində 12 səmərəli təklif irəli sürmüşdür.
Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir.
Ömrü boyu böyük ictimai iş aparmış akademik Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət heyətinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə heyətinin, “Vestnik oftolmologiyi” (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur.
Xüsusi vurğulanmışdır ki, bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almış Zərifə xanımın xatirəsi xalqımız tərəfindən həmişə əziz tutulacaqdır.
Tədbir iştirakçıları Z.Əliyevanın həyat və fəaliyyətini əks etdirən filmə baxmış, xüsusi təşkil edilmiş fotosərgi ilə tanış olmuşlar.
######
