MƏDƏNİYYƏT
Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Gününə həsr olunmuş tədbir təşkil edilib
![](/files/galleryphoto/2023/2/1200x630/1686663268555386046_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16866632683003315335_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İnsan hüquqları aylığı” çərçivəsində Ümumdünya Uşaq Əməyinə qarşı Mübarizə Gününə həsr olunmuş hüquqi maarifləndirmə tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Bakı şəhərinin Binəqədi, həmçinin Yasamal rayon məktəblərinin müəllim və şagird heyətinin iştirakı ilə keçirilən tədbirdə Respublika Uşaq Kitabxanasının Elmi işlər üzrə direktor müavini Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq etdiyini və 1998-ci ildə onun təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv olunduğunu söyləyib. Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir.
Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə ilk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi barədə iştirakçıları məlumatlandırıb. O, dünyanı narahat edən aktual problemlərdən biri kimi uşaqların məcburi əməyə cəlb olunması və onların əməyinin istismarının qarşısının alınması istiqamətində qəbul edilmiş beynəlxalq sənədlər və milli qanunvericilik aktları barədə danışıb.
Tədbirdə uşaq hüquqlarının müdafiəsi və təbliğinin, eləcə də uşaq əməyinə qarşı mübarizənin Müvəkkilin genişmiqyaslı fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb.
Tədbir uşaqların fəal iştirakı ilə müzakirələr şəklində keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.