ELM VƏ TƏHSİL
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə müsabiqənin nəticələri açıqlanıb
Bakı, 6 avqust, AZƏRTAC
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 8-dən 23-dək tələb olunan sənədləri təqdim etməklə müvafiq təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin internet səhifəsində yerləşdirilib.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat Dövlət İmtahan Mərkəzinin saytında verilib.
Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.