ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ FOTOSƏRGİ
AZƏRTAC xəbər verir ki, mayın 7-də Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - müasir Azərbaycan dövlətçiliyinin memarı” mövzusunda fotosərgi təşkil edilmişdir.
Türkiyənin və Norveçin Azərbaycandakı səfirlərinin də iştirak etdikləri tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndərin mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açmışdır. O bildirmişdir ki, Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan mədəniyyətinin yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Təsadüfi deyildir ki, tədqiqatçılar ötən əsrin 70-ci illərini “Azərbaycan mədəniyyətinin intibah dövrü” adlandırmışlar. Həmin intibahı şərtləndirən yüzlərlə fakt mövcuddur ki, onların əsl yaradıcısı, təşəbbüskarı, xeyir-dua verəni məhz Heydər Əliyev olmuşdur.
Bəstəkarlar İttifaqı idarə heyətinin sədri Firəngiz Əlizadə və başqaları çıxış edərək zəngin milli-mənəvi dəyərlərimizdən bəhrələnən qədim Azərbaycan mədəniyyətinin keçdiyi böyük inkişaf yolundan, mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, təbliğində, dünya miqyasında tanınmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən danışmışlar.
Natiqlər vurğulamışlar ki, Azərbaycan mədəniyyətinin ən böyük nailiyyətləri görkəmli siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır.
Sərgidə nümayiş olunan dahi şəxsiyyətin görkəmli mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillər iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.