ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN İNKİŞAFINDA MÜSTƏSNA ROLU OLMUŞDUR
Rayonun mədəniyyət işçilərinin, o cümlədən ziyalıların qatıldıqları tədbirin iştirakçıları əvvəlcə şəhərin ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəzi meydanına gəlmiş, burada ulu öndərin abidəsi önünə tər çiçəklər qoymuşlar.
Dəyirmi masada rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Akif Mirzəyev, mədəniyyət və turizm şöbəsinin müdiri Kamilə Xanməmmədova, mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov və başqaları çıxış edərək görkəmli siyasətçi və dövlət xadimi, əvəzsiz lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında, onun dünyaya tanıtdılmasında göstərdiyi xidmətlərdən danışmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan mədəniyyətinin inkişafı bilavasitə Heydər Əliyevin adı və əməlləri ilə bağlıdır. Ulu öndər xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün qayğısını əsirgəməmişdir.
Repressiya qurbanı olan Hüseyn Cavidin nəşinin hələ sovet dövründə uzaq Sibirdən Naxçıvana gətirilərək doğma torpaqda dəfn edilməsi Heydər Əliyevin Azərbaycan ədəbiyyatına misilsiz xidməti idi.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra mədəniyyətimizin dünyada təbliği sahəsindəki ardıcıl və məqsədyönlü fəaliyyəti bu dahi insanın xalq qarşısında ən böyük xidmətlərindəndir. 1994-cü ildə Parisdə ilk dəfə YUNESKO-nun xətti ilə dahi Azərbaycan şairi M.Füzulinin əsərlərinin sərgisi keçirilmişdir. Rusiya, Türkiyə və digər bir sıra Avropa ölkələrində onun yubiley mərasimləri təşkil olunmuşdur.
“Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin qeyd edilməsi təkcə millətlər və dövlətlər arasında mənəvi körpülər qurmaqdan ibarət deyildi. Ulu öndər deyirdi: “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposudur”. Bu əsərin təntənəli yubileyi həm də tariximizə kölgə salmaq cəhdlərinə tutarlı cavab olmuşdur.
Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə sıx bağlılıq Heydər Əliyev şəxsiyyətinin fitri istedadından, yaradıcı təbiətindən irəli gəlirdi. Bir dövlət başçısı kimi Heydər Əliyev daim sənətkarlara qayğı göstərir, istedadları tapıb üzə çıxarır, onları dəstəkləyirdi.
Dəyirmi masada ulu öndərin Azərbaycan kinosunun, memarlığının, heykəltəraşlığının və rəssamlığının inkişafına göstərdiyi diqqətdən, sənət adamlarına verdiyi qiymətdən geniş bəhs edilmişdir. Bildirilmişdir ki, “Hər bir xalq öz mədəniyyətinə görə tanınır. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək…” - deyən Heydər Əliyev mədəniyyətimizin dünya arenasına çıxması, onun yüksək səviyyədə nümayişi və təbliği üçün əlindən gələni əsirgəməmişdir.