Ümummilli Liderin müdrikliyi sayəsində təhsil sahəsində böyük nailiyyətlər əldə edilib
Siyəzən, 5 may, Elxan Yusifli, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, - deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Siyəzən rayonunda keçirilən "Heydər Əliyev Azərbaycan - Azərbaycan Heydər Əliyev" adlı konfransda bildirilib.
Konfransda Azərbaycanın suverenliyi və torpaqlarının azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə edilib. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərib. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
Konfransda Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Milli Məclisin deputatı Sadiq Qurbanov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin müdiri vəzifəsini icra edən Fərid Musayev, tarix elmləri doktoru Dilarə Seyidzadə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı ilə bağlı xidmətlərindən danışıblar. Bildirilib ki, Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.
Siyəzən və Şabran rayonlarının təhsil işçiləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin bədii hissəsində yerli incəsənət nümayəndələri və istedadlı məktəblilərin ifasında konsert təqdim olunub.