Ümumrusiya Bədii Elmi Bərpa Mərkəzinin online mühazirəsi maraq doğurub
Bakı, 28 aprel, AZƏRTAC
Son zamanlar COVID-19 koronavirus pandemiyası səbəbindən elan edilmiş karantin rejiminə baxmayaraq dünyanın bir çox ölkələrinin, o cümlədən Rusiya və Azərbaycanın mədəniyyət müəssisələri internet üzərindən onlayn şəkildə öz fəaliyyətlərini davam etdirir, qarşılıqlı təcrübə və nəzəri fikir mübadilələri məqsədilə videokonfranslar, mühazirələr, forumlar həyata keçirirlər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, növbəti belə tədbir Rusiyanın İ.E. Qrabar adına Bərpa Mərkəzinin elmi-tədqiqat və sərgi işləri üzrə direktor müavini Olqa Temerinanın “Zoom” proqramı vasitəsilə təşkil etdiyi mühazirə Rusiyanın qocaman bərpa mərkəzinin tarixindən, strukturundan, bərpa fəaliyyətinin istiqamətlərindən, bərpaçılığın peşə xüsusiyyətlərindən, habelə mərkəzin mütəxəssisləri tərəfindən bərpa olunmuş unikal əsərlərdən bəhs edib.
Fəaliyyətində daha çox Rusiya bərpa məktəbinin elmi-təcrübə tədqiqatlarına əsaslanan və bir çox mütəxəssislərinin bu məktəbin yetişdirməsi sayılan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları üçün bu mühazirə sözsüz ki, xüsusi maraq və əhəmiyyət kəsb edib. Buna görə də mühazirədə Mərkəzimizin əməkdaşları xüsusilə fəal iştirak edib.
Sonda mühazirəçiyə bərpa sahəsində, xüsusən də qrafika, rəngkarlıq əsərlərinin bərpası məsələlərinə dair onları maraqlandıran suallar verilib, fikir mübadiləsi aparılıb.