Ümumtəhsil məktəblərində antinarkotik təbliğat işi gücləndirilir
Bakı, 5 may, AZƏRTAC
Antinarkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi üçün təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 2023-2024-cü illərə dair birgə Tədbirlər Planı imzalanıb.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, Tədbirlər Planı çərçivəsində məktəb psixoloqları üçün təlimlərin, ümumtəhsil məktəblərinin uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.