ELM VƏ TƏHSİL
UNEC-də doktoranturaya və dissertanturaya qəbul aparılır
Bakı, 26 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul aparılır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan vətəndaşları sənəd verə bilərlər.
Elmlər doktoru proqramı üzrə təhsil üçün seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.
Dissertantlıq yolu ilə fəlsəfə doktoru proqramına qəbul olunmaq üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan, müvafiq tədqiqat sahəsində müvəffəqiyyətləri, əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi-pedaqoji stajı olan elmi və elmi-pedaqoji kadrlar müraciət edə bilərlər.
Sənədlərin qəbulu bu il mayın 5-dək Təhsil Nazirliyinin portal.edu.az platforması üzərindən aparılacaq.