Ürək sözlərini, duyğularını, deyə bilmədiklərini xovlu tikmələrində əks etdirən şəkili sənətkar
Şəki, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zəfər Günü münasibətilə noyabrın 8-də Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, Xan Sarayının həyətində əlil sənətkar, xovlu tikmə ustası Rəhman Kamiloğlunun sərgisi açılıb. Sərgidə sənətkarın vətənpərvərlik və digər mövzularda işlədiyi 40-dək əsəri nümayiş olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu, sənətkarın “Heydər Əliyev İli” çərçivəsində bu il Şəki şəhərində təşkil edilən ikinci yaradıcılıq sərgisidir.
Taleyinə anadangəlmə əlillik payı düşən ikinci qrup əlil Rəhman Kamiloğlu 20 ildən çoxdur ki, bədii tikmə sənətinin bu növü ilə məşğul olur. Anadangəlmə nitq problemi olan Rəhman əl işlərində sanki ürək sözlərini, duyğularını, deyə bilmədiklərini əks etdirməyə çalışır. Doğulduğu diyarın təbiət mənzərələri, qədim yaşayış məhəllələri, tarixi binalar, daş döşənmiş küçələr, qırmızı kirəmitli evlər, eyvanlar, həmçinin Şəki Xan Sarayı, Yuxarı və Aşağı karvansaraylar, məscidlər, minarələr, körpülər və digər qədim tarixi abidələr onun əsərlərinin əsas mövzusunu təşkil edir.
Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda başlanan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərindəki şanlı Qələbəsindən ruhlanan Rəhman doğma Qarabağımızın təbiət gözəlliklərini, möhtəşəm tarixi abidələrini rəngbərəng saplarla kətan üzərində toxumaqla maraqlı kompozisiyalar yaradıb. Qarabağ mövzusuna aid bir neçə əsəri Rəssamlar İttifaqı tərəfindən təşkil olunan “Zəfər yürüşü” adlı respublika sərgisində də nümayiş etdirilib.
Sərginin açılışında çıxış edənlər sənətkarın həyat və yaradıcılığından söz açıb, ona gələcək fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Sərgi Xan Sarayını ziyarət edənlər tərəfindən də böyük maraqla qarşılanıb.