USAİD AZƏRBAYCANDA KİÇİK VƏ ORTAHƏCMLİ MÜƏSSİSƏLƏRİ DƏSTƏKLƏYİR
AZƏRTAC xəbər verir ki, aprelin 7-də “ISR Plaza” otelində ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Kənd Təsərrüfatında Rəqabətlilik Proqramının (RECP) Azərbaycanın bütün bölgələrində fəaliyyətinin başa çatması münasibətilə tədbir keçirmişdir.
USAİD-in maliyyə dəstəyi ilə Praqma Korporasiyası, Beynəlxalq İcraedici Xidmət Korpusu və Beynəlxalq Flag təşkilatı tərəfindən həyata keçirilmiş bu proqram Azərbaycanda kiçik və ortahəcmli kənd təsərrüfatı müəssisələrinin inkişafına kömək etmişdir.
Proqramın artıq başa çatdığını bildirən USAİD-in Azərbaycan üzrə əlaqələndiricisi Skott Teylor nəzərə çatdırmışdır ki, 2003-cü ilin oktyabrında fəaliyyətə başlayan Kənd Təsərrüfatında Rəqabətlilik Proqramı 127 kiçik və ortahəcmli müəssisə ilə işləyərək sərmayələrin 25 milyon dollara qaldırılmasına və 4 mindən çox iş yerlərinin açılmasına kömək etmişdir.
S.Teylor bildirmişdir ki, təmsil etdiyi qurum Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ilə yaxından əməkdaşlıq edərək, quş qripinin aşkar edilməsi və Azərbaycanın bölgələrində baytarlıq laboratoriyalarına nəzarətin həyata keçirilməsi üçün çoxlu təlimlər təşkil etmişdir.
USAİD-in Azərbaycandakı ofisinin baş iqtisadçısı Pol Devis vurğulamışdır ki, Proqram çərçivəsində məhsulların yerli satışını yaxşılaşdırmaq, xarici və yerli sərmayəni gücləndirmək, işlə təminat sahəsində, o cümlədən qablaşdırma və etiketləmə, maliyyə dəstəyi, mənfəətli biznes planlarının hazırlanması və digər sahələrdə texniki yardım göstərilmişdir. Meyvə şirələri, şirniyyat üçün qoz-fındıq, içkilər, tomat pastası, süd məhsulları, xalçalar, quşçuluq məhsulları istehsal edən kənd təsərrüfatı müəssisələrinə kömək edilmişdir.
Qeyd edək ki, USAİD 1992-ci ildən bu günə qədər Azərbaycana 284 milyon dollar məbləğində vəsait sərf etmişdir.