UŞAQ MUSİQİ FESTİVALI AÇILMIŞDIR
BMA-nın rektoru, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli, məktəb-studiyanın direktoru Tərlan Seyidov OİMMS-in tarixi, fəaliyyəti haqqında, festival çərçivəsində üç yaş qrupunda beş ixtisas – fortepiano və bəstəkarlıq, xalq çalğı alətləri və xanəndəlik, simli alətlər, nəfəs və zərb alətləri və vokal üzrə keçiriləcək müsabiqə barədə qısa məlumat vermişlər. Müsabiqələrin gənc istedadların həyatında böyük əhəmiyyət kəsb etdiyi və bu festivalın onların sənətdə inkişafına təkan verəcəyi əminliklə vurğulanmış, məktəbin məzunlarının beynəlxalq müsabiqələrdə uğurları diqqətə çarpdırılmışdır.
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanın adından tədbirin iştirakçılarını təbrik etmiş, onlara uğurlar diləmişdir. Natiq artıq 10 ildir ki, fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin Dostları Fondu və onun prezidenti Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğıdan danışmış, fondun mədəniyyətimizin inkişafı üçün bundan sonra da töhfələrini əsirgəməyəcəyini bildirmişdir.
Sonra məktəb-studiya məzunları və şagirdlərinin ifasında Azərbaycan, Rusiya və Avropa ölkələri bəstəkarlarının əsərləri səslənmişdir.
İki həftə davam edəcək festivalın yekun konserti aprelin 29-da olacaqdır.