“Uşaqlar və müharibə” mövzusunda rəsm və inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır
Oğuz, 26 fevral (AZƏRTAC). Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Oğuz rayonunda silsilə tədbirlər, anma mərasimləri bir neçə gündür davam edir.
AZƏRTAC xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar fevralın 26-da rayon icra hakimiyyətinin akt zalında toplantı keçirilmişdir. Rayonun rəhbər işçilərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov açaraq insanlığa qarşı törədilmiş ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirmiş, faciənin acı nəticələri barədə danışmışdır.
Məruzə və çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş qanlı hadisələr bir daha xatırlanmış, faciənin təşkilatçıları, terroru dəstəkləyənlər qətiyyətlə pislənilmişdir. Natiqlər soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulamışlar.
Faciənin ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında keçirilən “Uşaqlar və müharibə” mövzusunda rəsm və inşa yazı müsabiqəsi qaliblərinə mükafatlar təqdim edilmişdir.
Tədbirin sonunda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Həmin gün rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.