CƏMİYYƏT
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xeyriyyə tədbiri keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də “Çarə Sizsiniz” komandasının təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə leykemiyadan, Daun sindromundan əziyyət çəkən azyaşlılar, o cümlədən aztəminatlı ailələrin uşaqları və kimsəsiz uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə uşaqlar Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Karlson” tamaşasını izləyiblər. Daha sonra “Nizami” restoranında onlar üçün bayram şənliyi keçirilib.
Tədbirdə çıxış edən “Çarə Sizsiniz” komandasının rəhbəri Nur Ülviyyə Həsrətova doqquz ildir könüllük prinsipi əsasında fəaliyyət göstərdiklərini, gənclərin maarifləndirilməsi yönündə təlim və seminarlar təşkil etdiklərini, müxtəlif layihələr ərsəyə gətirdiklərini qeyd edib: “Bu illər ərzində xeyriyyə layihələri də həyata keçirdik və bu missiyamızı davam etdiririk. Bacardığımız qədər daha çox insana kömək etməyə çalışırıq. Bizlər bu komandanın görünən tərəfləriyik və əslində əsas qəhrəmanlar “pərdənin” arxasındakılardır. Komandamızdan dəstəyini əsirgəməyən hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Bütün uşaqların bayramını təbrik edir, onlara firavan həyat arzulayıram”.
“Çarə Sizsiniz” komandasının baş təşkilatçısı Fidan Əsədova belə tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb: “Ramazan ayı boyunca müxtəlif uşaq evlərinə, Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionata, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinə, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə, Qadın və Uşaq Sığınma Evinə, aztəminatlı ailələrə baş çəkdik. Könüllülərimiz ilə birlikdə əlimizdən gələni etdik ki, daha çox insana faydamız olsun. Bizim məqsədimiz insanların üzündə təbəssüm yaratmaq, sevgimizi paylaşmaqdır. Bugünkü xeyirxah missiyada bizə dəstək olanlara minnətdarlığımızı bildiririk. Nəcib təşəbbüslərimiz bundan sonra da davam etdiriləcək”.