ÜST-ün Azərbaycandakı missiyası səhiyyə sahəsində görülən işləri yüksək dəyərləndirib
Bakı, 31 iyul, AZƏRTAC
Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı missiyası Nazirlər Kabineti yanında Operativ Qərargah, Səhiyyə Nazirliyi, TƏBİB və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Səhiyyə naziri Oqtay Şirəliyev videokonfransda açılış nitqi ilə çıxış edərək, ÜST-ün Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib və görülən işlərə görə bütün missiya üzvlərinə öz minnətdarlığını bildirib.
Görüş zamanı missiya nümayəndələri son aylar ərzində Azərbaycanın səhiyyə sahəsində atılan addımlar və həyata keçirilmiş işlərin nəticələri haqqında öz fikirlərini paylaşıblar. Belə ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı öz çıxışında qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar təşkilatın birinci missiyasının Azərbaycana səfəri cari ilin martında baş tutmuşdu. Son 10 gün ərzində ÜST-ün Azərbaycandakı ikinci missiyasının üzvləri dövlət qurumlarının nümayəndələri ilə yanaşı, həm Bakı şəhərinin, həm də bəzi rayonların xəstəxana və poliklinikalarının tibbi heyəti ilə də çoxsaylı görüşlər keçiriblər. Missiya üzvlərinin sözlərinə görə, mart ayında ÜST üzvləri tərəfindən təqdim olunan tövsiyələrin əksəriyyəti nəzərə alınıb və həyata keçirilib. Ümumiyyətlə, son bir neçə ay ərzində atılan addımlar sayəsində Azərbaycan səhiyyəsində çox ciddi irəliləyişlər müşahidə olunur.
ÜST-ün Azərbaycandakı nümayəndəsi nəzərə çarpan dəyişiklər haqqında danışaraq, bildirib ki, son aylar ərzində COVID-19-la mübarizəni gücləndirmək məqsədilə dövlət tərəfindən böyük maliyyə resursları ayrılıb. Onların müqabilində koronavirusun müalicəsi üçün nəzərdə tutulmuş modul tipli xəstəxanalar inşa olunur, yeni laboratoriyalar açılır, ilkin səhiyyə xidmətinin daha çevik fəaliyyət göstərməsi üçün yeni nəqliyyat vasitələri alınır, COVID-19 virusu ilə bağlı ölkədə vəziyyətin idarə olunmasını təmin etmək məqsədilə texnoloji yanaşma nəticəsində mobil applikasiyalar istifadəyə verilir və epidemioloji vəziyyətin idarəolunması üçün xüsusi elektron baza yaradılır. Bundan başqa, tibb müəssisələrinin heyəti üçün COVID-19 infeksiyası ilə bağlı mütəmadi təlimlər keçirilir, ilkin səhiyyə gücləndirilir, belə ki, yoluxma sayının azalması üçün koronavirus şübhəsi olan vətəndaşlardan test analizini almaq üçün tibb heyəti bilavasitə evlərə gedir. Eyni zamanda, Səhiyyə Nazirliyi nəzdində yaradılmış işçi qrupu tərəfindən statistik hesabatlar da hazırlanır.
Xanım Hande Harmancı, həmçinin xəstəxana və poliklinikalarda COVID-19-la aylar ərzində mübarizə aparan tibb heyətinin fədakarlığını təqdirə layiq olduğunu hesab edərək, onları “Bu günün ağ xalatlı qəhramanları” adlandırıb. Bundan sonra ÜST missiyasının üzvləri bildirib ki, son 10 gün ərzində müşahidə etdikləri proseslərə dair öz tövsiyələrini yaxın 2 həftə ərzində Azərbaycan dövlətinin səhiyyə sahəsində fəaliyyət göstərən qurumlarına təqdim edəcəklər.
Videokonfrans formatında keçirilən görüşün sonunda Səhiyyə naziri Oqtay Şirəliyev missiya üzvlərinə onların Azərbaycandakı həyata keçirdiyi fəaliyyətləri və ölkəmiz tərəfindən görülən işlərin yüksək qiymətləndirdiklərinə görə təşəkkür edib. Həmçinin nazir təqdim olunacaq hesabat nəticələrini və tövsiyələri aldıqdan sonra böyük məmnuniyyətlə birgə fəaliyyəti davam etdirmək hazırlığını bildirib.
Öz nitqinin sonunda Oqtay Şirəliyev ÜST nümayəndələri ilə Azərbaycan arasında illər ərzində davam edən olduqca məhsuldar işbirliyinin olmasını qeyd edib, onun gələcəkdə daha yüksək nəticələr verəcəyinə inandığını söyləyib.