VASİF ADIGÖZƏLOVUN YARADICILIĞINA HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİR
Akademiyanın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli konfransı açaraq, görkəmli bəstəkarın zəngin yaradıcılığı, ömür yolu barədə məlumat verilmişdir. Sonra Vasif Adıgözəlovun çoxşaxəli yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə tanınmış musiqişünasların məruzələri dinlənilmişdir. Üzeyir Hacıbəyov, Qara Qarayev bəstəkarlıq məktəblərinin ən yaxşı ənənələrini yaşadan Vasif Adıgözəlovun klassik muğamlarımızı müasir Avropa musiqisi ilə böyük ustalıqla sintez edərək, milli musiqi sənətimizin qızıl fonduna daxil olan dəyərli əsərlər yaratdığı konkret faktlarla açıqlanmışdır. Müəllifin “Çanaqqala” oratoriyasının qardaş Türkiyədə çox böyük maraqla qarşılandığı operalarının Avropada, Rusiyada, bir çox Şərq ölkələrində də uğurla nümayiş etdirildiyi diqqətə çatdırılmışdır. Azərbaycanın musiqi beşiyi sayılan qədim Şuşada, istedadlı xanəndə Zülfi Adıgözəlovun ailəsində dünyaya göz açmış bəstəkarın yaradıcılığında Qarabağ mövzusunun aparıcı yer tutduğu, milli ruhun yaşamasında, vətəndaşlarımızda, xüsusən gənclərdə vətənpərvərlik hisslərinin tərbiyə olunmasında əhəmiyyətli rol oynadığı xüsusi vurğulanmışdır. Vasif Adıgözəlovun yaradıcılığında ənənə və novatorluq prinsipinin və polifonik üslubun tətbiqi, sözlə musiqinin vəhdəti barədə maraqlı faktlar səslənmişdir. Akademiyanın kafedra müdiri, müəllimi kimi pedaqoji fəaliyyətini davam etdirən bəstəkarın gənc musiqiçilərin yetişməsində əməyi də yüksək dəyərləndirilmişdir.
Respublikamızın tanınmış sənət ustalarının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi xalq çalğı alətləri ansamblının ifasında “Natəvan” operasından səhnələr, “Bakı haqqında mahnı”, “Qərənfil”, “Prelüdlər”, “Bayram süitası”, “Şuşam lay-lay” və digər mahnılar, romanslar, fortepiano əsərləri görkəmli bəstəkarın zəngin, həmişəyaşar sənəti, yaradıcılığı barədə konfrans iştirakçılarında bir daha əyani təsəvvür yaratmışdır.
Bəstəkar Vasif Adıgözəlov onun yaradıcılığına göstərilən hörmət və diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
Konfrans aprelin 27-də işini davam etdirəcəkdir.