Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsi keçiriləcək
Bakı, 29 yanvar, AZƏRTAC
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Vəkillər Kollegiyasına yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunmuş razılığa əsasən, 2021-ci il martın 5-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub. Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan elektronlaşdırılmış qaydada həyata keçiriləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq vəkilliyə qəbulla bağlı yazılı test imtahanı martın 5-də hər növbədə 140 namizəd olmaqla ikinövbəli olaraq saat 09:00-da və 14:00-da təşkil ediləcək. İmtahanda iştirak edəcək namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcək.
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 247 namizədin sənədinin qəbul edildiyini və yerlərin məhdudluğunu nəzərə almalıdırlar.
Əlavə məlumat üçün 012 594-14-95 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.