Velosiped idmanı üzrə Federasiya kuboku yarışlarının ikinci mərhələsinin qalibləri bəlli olub
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı ilə qrup ötüşməsi üzrə Federasiya kuboku yarışlarının ikinci mərhələsi keçirilib. Veloparkda təşkil edilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı iştirak edib.
AZƏRTAC xəbər verir ki, 15 yaşadək qızların 9,6 kilometr məsafəyə mübarizəsi 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü İradə Əbdürəhmanovanın qələbəsilə başa çatıb. Bu məktəbin digər nümayəndəsi Əli Xabayev isə 15 yaşadək oğlanların 9,6 kilometr məsafəyə yarışında çempion olub.
On yeddi yaşadək qızlar arasında da 7 saylı Olimpiya Velosiped Məktəbinin təmsilçisi birinci pillədə qərarlaşıb. Viktoriya Sidorenko 14 kilometr məsafəni hamıdan tez qət edib. 22,4 kilometr məsafəyə yarışan 17 yaşadək oğlanlar arasında “Neftçi” İdman Klubu İctimai Birliyinin yetirməsi Nofəl Nuriyev birinci, Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Nikita Sıtov ikinci olub. Üçüncü yerin sahibini isə fotofinişlə də müəyyənləşdirmək mümkün olmayıb. Belə ki, 7 saylı Olimpiya Velosiped Məktəbi və Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Mustafa Muxtarlı və Kamran Mirzəxanov finiş xəttini eyni anda keçdikləri üçün Hakimlər Kollegiyasının qərarına əsasən, hər iki velosipedçi üçüncü yerə layiq görülüb.
Gənc qızların 22,4 kilometr məsafəyə yarışı Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Elfanə Camalovanın qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Nəcəf Bağırov isə gənc oğlanlar arasında 28 kilometr məsafəni hamıdan tez qət edib.
Fərqlənən idmançılar diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.