Vərəmlə mübarizəyə həsr olunan “dəyirmi masa” keçiriləcək
Bakı, 28 mart, AZƏRTAC
Uzun illər mövcud olan vərəm dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. 2016-cı ildə dünyada 6.3 milyon yeni vərəm xəstəsi aşkar edilərək qeydiyyata alınıb. Onlardan 490 mini dərmanlara davamlı vərəm xəstəsidir.
Təsadüfi deyildir ki, martın 24-ü Ümumdünya Vərəm ilə Mübarizə Günü qeyd olunur. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədər Davamlı İnkişaf üzrə təyin etdiyi məqsədlərdən biri də vərəmin qlobal epidemiyasının ləğv edilməsidir.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti AZƏRTAC-a verilən məlumata görə, ölkəmizdə vərəm infeksiyası ilə əlaqədar epidemioloji vəziyyət stabildir. 2017-ci ildə vərəmlə xəstələnmə halları hər 100 min əhaliyə 39.8 təşkil edib. Son illər vərəmlə mübarizə sahəsində fəaliyyət göstərən regional diaqnostika laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi, onların müasir və sürətli diaqnostika avadanlıqları ilə təchiz olunması xəstələrin erkən aşkarlanmasını yaxşılaşdırıb. Hazırda vərəmin erkən aşkarlanması və müasir tələblərə uyğun laborator təsdiqinin aparılması Ağciyər Xəstəlikləri İnstitutunda Milli İstinad Laboratoriyasında, Quba, Masallı, Gəncə, Zaqatala və Naxçıvandakı regional laboratoriyalarda, eləcə də Bakı və Sumqayıtdakı vərəm xidməti müəssisələrinin laboratoriyalarında həyata keçirilir. Vərəmli xəstələrin erkən aşkarlanması isə öz növbəsində müalicəsinin səmərəliliyinin artmasına səbəb olur.
Martın 30-da Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Ftiziatrlar və Pulmonoloqların İctimai Birliyi və Ölkə Əlaqələndirmə Komissiyasının təşəbbüsü ilə Dünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş “dəyirmi masa” keçiriləcəkdir. “Dəyirmi masa”da ölkəmizdə vərəmin erkən aşkarlanması, müasir müayinə və müalicə üsulları, vərəm hadisələrinin, o cümlədən dərmanlara davamlı vərəm formalarının rastgəlmə tezliyinin və yayılmasının qarşısının alınması sahəsində dünya təcrübəsinin öyrənilməsi məsələləri müzakirə ediləcək, həmçinin vərəmlə mübarizə sahəsində mövcud qanunvericilik və bu sahədə müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının müştərək fəaliyyəti nəzərdən keçiriləcək.