Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə bir sıra güzəşt və azadolmalar müəyyən edilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Müxtəlif vaxtlarda Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə vergiödəyicilərinin risklərinin minimallaşdırılması, vergi münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında qurulması, innovativ sahibkarlığın stimullaşdırılması məqsədilə sənaye və texnologiyalar parklarının fəaliyyəti ilə bağlı mənfəət, gəlir, əmlak, torpaq vergiləri və ƏDV üzrə bir sıra güzəşt və azadolmalar müəyyənləşdirilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, xüsusilə son illər sahibkarların fəaliyyətinin təşviqi istiqamətində vergi qanunvericiliyində əhəmiyyətli dəyişikliklər edilib. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunublar.
Qeyd edilib ki, bu stimullaşdırıcı tədbirlər sənaye parklarının da fəaliyyətinə mühüm təkan verib. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarına tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər cari ilin avqust ayına qədər 428,6 milyon manatdan çox vəsaitə qənaət ediblər. Güzəştlər digər sahələri də əhatələyir.
Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri məhsulların satışından əldə edilmiş hasilatın həcmi - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub. Bu siyahıda kiçik və orta biznesin klaster şirkətinə, onların iştirakçı şirkətinə, startaplara vergi güzəştlərinin, mikrosahibkarlığa 75 faizlik güzəştin verilməsi və sair də var. Bir sıra dəyişikliklər isə sahibkarın daha az vergi nəzarəti və vergi yoxlaması ilə əhatə olunmasına xidmət edir.
Nəticədə son illərin vergi islahatları innovasiyaların daha geniş tətbiqi, dövlətin sənayeləşmə və investisiyaların cəlb edilməsi siyasətini dəstəkləyən vergi təşviqlərinin verilməsinə hesablanıb.