CƏMİYYƏT
Vətən müharibəsi iştirakçısı: Psixoloqlar sayəsində əsəblərim sakitləşməyə başlayıb
Bakı, 28 yanvar, AZƏRTAC
Mən Vətən müharibəsində ayağımdan yaralanmışam. Müharibədən sonra özümdə gərginlik, sıxıntı yuxusuzluq halları olurdu, əsəblərim korlanmışdı. Gecələr də yata bilmirdim. Türkiyədən gələn həkimlərdən psixoloji dəstək almaq üçün Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə zəng edərək müraciət etdim. Psixoloqlar sayəsində artıq rahat yatıram. Əsəblərim sakitləşməyə başlayıb. Onlardan razıyam.
AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi iştirakçısı Adil Baladadaşov yanvarın 28-də jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, psixoloqlar yaxşı müayinələr aparırlar. Bizi müharibədə baş verən hadisələr zamanı pis xatirələrdən uzaqlaşdırırlar. Mən bütün müharibə iştirakçılarına, şəhid ailələrinə, əsgərlərə, qazilərimizə bu psixoloji yardım almağı tövsiyə edirəm. Çünki artıq dörd seansdır ki, psixoloqların qəbuluna gəlirəm. Mən də psixoloqlar sayəsində özümdə rahatlıq tapdım.
Psixoloji dəstək üçün müraciət edən Ruhiyyə Mahmudova qeyd edib ki, Beyləqandakı evimizə Ermənistan silahlı qüvvələri raket atdıqları üçün və bu hadisəni yaşadığımız üçün əsəblərimiz gərgin olmuşdu. Gecələr qorxudan yata bilmirdik. Uşağımda da problemlər vardı. Həmin hadisələri xatırlayırıq. Əvvəllər bizə hər söz təsir edirdi, sinirlərimiz oyanıq olurdu və qıcıqlanırdı. Artıq ikinci seansdır ki, həkimlərin qəbuluna gəlirəm. Həkimlər deyir ki, tədricən sinirim sakitləşəcək. Belə psixoloji problemləri olan hər kəsə psixoloqlara müraciət etməsini tövsiyə edirəm.
İsgəndər İsgəndərov isə deyib: “Biz Beyləqanda yaşayırdıq. Evimizə düşən raket nəticəsində atamın qohumları həlak oldu. Evimiz dağıldı. Atam, anam, qardaşım və mən yaralandıq. Biz oradan xəsarət almış şəkildə çıxdıq. Artıq həkimlər bizi müayinə edir, bizimlə söhbət edir və sakitləşdirirlər. İndi özümü daha yaxşı hiss edirəm”.