Vətən müharibəsinin od-alovundan keçənlər hər zaman diqqət və hörmətə layiqdirlər
Balakən, 30 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Şanlı zəfərlə başa çatan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində əzəli Qarabağ torpaqlarımızın birdəfəlik erməni faşizmindən azad olunmasına nail olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Balakən və Samux rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən “Tarix yazanlar” adlı videokonfransda səsləndirilib.
Regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin rəhbər və əməkdaşlarının, Vətən müharibəsi qazilərinin iştirak etdiyi tədbirin əvvəlində torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva açaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə başa çatan Vətən müharibəsinin müstəqillik və dövlətçilik tariximizin olduqca mühüm səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, 44 gün davam edən müharibədə ürəyində Vətən, torpaq, millət sevgisi olan igid oğullarımız üçrəngli bayrağımızın Qarabağ səmasında dalğalanması üçün böyük qəhrəmanlıqlar göstərib, mənfur düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovublar. “Vətən uğrunda canını fəda etmək, sağlamlığını itirmək, qazi olmaq heç bir zaman sönməyəcək iradə və qürur məşəlidir. Qazilərimiz, müharibənin od-alovundan keçənlər hər zaman diqqət və hörmətə layiqdirlər”,- deyə Ləman Balayeva vurğulayıb.
Tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nüranə Həsənova, həmçinin Lənkəran, Qazax, İsmayıllı, Astara, Yevlax, Kürdəmir, Masallı və Salyan rayon Heydər Əliyev mərkəzlərinin direktorları çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Videokonfransda iştirak edən Vətən müharibəsinin qaziləri - Balakəndən Şahmar Mahmudov, Lənkərandan Urfan Babayev, Samuxdan Elnur Mahmudov, Qazaxdan Səxavət Salmanov, İsmayıllıdan Orxan Babazadə, Ağdamdan Cavid Həsənzadə, Astaradan Abbas İbrahimli və Göygöldən Xəyal Orucov cəbhə təəssüratlarından, keçdikləri şərəfli döyüş yollarından söz açıblar.