Vətəndaşlar fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıblar
Bakı, 4 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Olimpiya İdman Kompleksində, Muğan Regional Mərkəzi tərəfindən Şirvan şəhər 9 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Səfərli kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayon Qoçaqlı kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub. Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.