REGİONLAR
“Vətəni qorumağa, onun ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram” mövzusunda videokonfrans keçirilib
![“Vətəni qorumağa, onun ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram” mövzusunda videokonfrans keçirilib](/files/2020/2/1200x630/15968040885131355531_1200x630.jpg)
Kürdəmir, 7 avqust, AZƏRTAC
Kürdəmirdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətənimi qorumağa, onun ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram” mövzusunda videokonfrans keçirilib. Videokonfransda “ASAN xidmət”in və Dövlət Aqrar İnkişaf Mərkəzinin gənc könüllüləri, eləcə də fəal gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransdakı çıxışlarda Azərbaycan Ordusunun Aprel döyüşlərində olduğu kimi, iyulun 12-də Tovuz sərhədində ermənilərin hücum cəhdinin qarşısını alarkən qazandığı uğurlardan danışılıb. Vurğulanıb ki, təxribatın qarşısının alınması, tərəflərin həyata keçirdikləri əməliyyatların nəticəsi Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərib.
Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə, üzləşdiyi təcavüzə birdəfəlik son qoyulacağına əminlik ifadə olunub. Vurğulanıb ki, Prezident İlham Əliyevin Ermənistanın işğalçı siyasətinin, bu ölkənin faşizm ideologiyasının daşıyıcısı olmasının ifşası istiqamətindəki fəaliyyəti nəticəsində diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə üstün olduğunu göstərib. Qürurla söylənilib ki, təcavüzkarları hər an acı məğlubiyyətə düçar etməyə hazır olan Azərbaycan Ordusu var və hər bir gənc Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın düşməndən azad edilməsi uğrunda əmrini səbirsizliklə gözləyir.