“Visa” kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın birinci tirajı oynanılıb
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının (AMB) "Visa” Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə həyata keçirdiyi “Visa” kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın birinci tirajı oynanılıb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, əhalidə rəqəmsal ödəniş vərdişlərinin formalaşdırılması və nağdsız ödənişlərə təşviq edilməsi məqsədilə reallaşdırılan lotereya martın 1-dən etibarən başlayıb. Lotereyanın ilk tirajının keçirildiyi dövrdə Azərbaycan Respublikası ərazisində emissiya edilmiş, korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq lotereya iştirakçısına çevrilərək hər bir əməliyyata bir şans qazanıblar. Ümumilikdə tiraj dövrü olan mart ayında lotereya şərtlərinə uyğun olan 182 min 2 ödəniş kartı ilə aparılmış 867 min 690 əməliyyat lotereyanın birinci tirajına daxil edilib.
Lotereyanın uduş fondu birinci tiraj üzrə 149 qalibin hər birinə 100 (bir yüz) manat təşkil edib. Uduş haqda kart istifadəçilərinin banklar tərəfindən məlumatlandırılması və vəsaitlərin kart balanslarına əlavə olunması ən qısa zamanda həyata keçiriləcək.
Qaliblərin siyahısı ilə Mərkəzi Bankın vebsaytında tanış olmaq olar: https://www.cbar.az/page-179/pay-with-visa-and-earn