“VİSİONS OF AZERBAİJAN AND BRİTAİN” JURNALININ TƏQDİMATI OLMUŞDUR
Azərbaycan-Böyük Britaniya Gənclər Cəmiyyətinin sədri Taleh Bağıyev bildirmişdir ki, Azərbaycan və ingilis dillərində çap olunan jurnal London Azərbaycan Cəmiyyəti, Azərbaycanda fəaliyyət göstərən Britaniya Biznes Qrupu və “Çaşıoğlu” şirkətinin birgə işinin nəticəsidir. Məqsəd ölkəmiz haqqında məlumatları Böyük Britaniyada, habellə ingilisdilli dairələrdə, Böyük Britaniya haqqında məlumatları isə Azərbaycanda yaymaqdır.
Ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayan Böyük Britaniyanın Bakıdakı səfiri Lorens Bristoun jurnalın Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını bildirmişdir.
London Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov jurnalın nəşrinin vacibliyini qeyd etmiş, dərginin Böyük Britaniyada Azərbaycan lobbisinin inkişafına ciddi təkan verəcəyini, habelə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi imkanları barədə məlumatların Böyük Britaniyada yayılmasında əhəmiyyətli rol oyanyacağını diqqətə çatdırmışdır.
Qeyd edilmişdir ki, jurnal Böyük Britaniya parlamentinin üzvləri, siyasətçilər, tədqiqatçılar, bu ölkədə yaşayan azərbaycanlılar üçün məlumat bazası funksiyasını yerinə yetirəcəkdir. Bundan əlavə, jurnal Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin Böyük Britaniya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq, həmçinin, Azərbaycan-Böyük Britaniya əlaqələrinə dair tədqiqatların işıq üzü görməsinə yardım edəcəkdir.
Jurnalın redaktoru, BBC Monitorinqin Bakıdakı sabiq direktoru Enn Tompson, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalın nəşrə başlanması ilə bağlı ürək sözlərini söyləmişlər.
İqtisadiyyat, elm, təhsil, məşğulluq və mədəniyyət məsələlərinə xüsusi önəm yetirəcək jurnalın yaz nömrəsində “Azərbaycan 2005-ci ildə”, “Böyük Britaniya 2005-ci ildə”, “Şahzadə Endryunun Azərbaycan səfəri”, “Azərbaycan-Britaniya yenilikləri”, “London Azərbaycan Cəmiyyəti”, “Britaniyada müsəlmanlar” və “Qafqaz Albaniyasında xristianlıq” məqalələri və s. mövzularda yazılar dərc edilmişdir.