VLADİMİR PUTİN RUSİYA HÖKUMƏTİNİN BAŞÇISIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, RF Dövlət Duması mayın 8-də keçirilmiş növbədənkənar iclasında rekord səs çoxluğu - “lehinə” 392 səs və “əleyhinə” 35 səs olmaqla, Vladimir Putini Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təsdiqləmişdir.
Hökumət başçısı vəzifəsinə namizədi Rusiya Prezidenti Dmitri Medvedev təqdim etmişdir. O, Vladimir Putinin namizədliyinin dəstəklənməsini xahiş edərək bildirmişdir ki, bu, ölkənin siyasi-iqtisadi xəttinin davam etdirilməsini təmin edəcək və Rusiyanın daha da inkişaf etməsinə şərait yaradacaqdır. Rusiya dövlətinin başçısı xüsusi vurğulamışdır ki, Vladimir Putinin iki müddət prezidentlik təcrübəsi vardır, bu illər ölkə üçün dönüş illəri olmuş və Rusiya cəmiyyətinin ən qabaqcıl mövqelərə doğru irəliləməsinə imkan vermişdir. Dmitri Medvedev demişdir: “Bu dövr Rusiyanın beynəlxalq aləmdə rolunu dəyişmişdir. Rusiyaya beynəlxalq münasibət kökündən dəyişmiş, Rusiyaya hörmət etməyə başlamışlar”.
Vladimir Putin deputatlar qarşısında çıxışında hökumətin ən mühüm prioritetlərini müəyyən etmiş və bildirmişdir ki, o, qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bütün qüvvəsini sərf etməyə hazırdır. O, ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini və yaxın illər üçün planları vurğulamışdır. Onun fikrincə, “qarşıya qoyulmuş məqsədlərə doğru uzlaşdırılmış və eyni vaxtda hərəkəti təmin etmək üçün hökumətin yüksək peşəkarlıq və məsuliyyətlə fəaliyyət göstərməsi zəruridir”. RF hökumətinin yeni sədri deputatların suallarına da cavab vermişdir.
Səsvermədən sonra Vladimir Putin onu dəstəklədiklərinə görə qanunvericilik hakimiyyətinin nümayəndələrinə təşəkkürünü bildirərək demişdir ki, bundan sonra da parlamentlə federal hökumət arasında konstruktiv əməkdaşlığa və qarşılıqlı anlaşmaya ümid bəsləyir.
Rusiya Prezidenti Dmitri Medvedev Vladimir Putini təbrik etmişdir. Kremlin mətbuat xidmətindən bildirmişlər ki, Rusiya dövlətinin başçısı Vladimir Putinin RF hökumətinin sədri təyin edilməsi haqqında fərman imzalamışdır.