Vokalçılar festivalında yeni əsərlər səsləndirilib
Bakı, 24 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Bülbül Vokal Məktəbi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən IV Azərbaycan Vokalçıları Festivalı çərçivəsində bəstəkarlarımızın yeni vokal əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə çıxış edərək festivalın əhəmiyyətindən söhbət açıb.
Konsert proqramında Azər Dadaşovun "Zəriflik", Elnarə Dadaşovanın "Bir çarə", "Xoş keçər", Azad Zahidin "Mərhəba", Elza Seyidcahanın "Gözəlim", Samir Əliyevin "Mənim Tanrım", Aysel Kərimin "Qış gecəsi", "Uzun səfər", Vəfa Bağırzadənin "Eşq", Aydan Əliyevanın "Ay üzlü nigarım" romansları təqdim edilib. Əsərləri Əməkdar artistlər İnarə Babayeva, Səidə Şərifəliyeva, respublika və beynəlxalq müsabiqələr laureatı Safura Aslanova, gənc ifaçılar Şəms Qəhrəmanova, Aydan Əliyeva, Ərəstun Quliyev, Rauf Məmmədzadə və Nurlan Sadıqov səsləndiriblər.
İlk dəfə təqdim olunan yeni əsərlər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.