Vüsal Hüseynov: Xidmətə müraciət edən hər bir əcnəbiyə fərdi yanaşma tətbiq edilir
Bakı, 29 iyul, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti tərəfindən müxtəlif inteqrasiya mövzularını əhatə edən ödənişsiz təlimlər təşkil olunur. Bu təlimlərdə iştirak etmək istəyən hər kəs xidmətin rəsmi internet səhifəsi üzərindən elektron qeydiyyatdan keçə bilər. Qeydiyyatdan sonra iştirakçılar üçün müvafiq tarix müəyyən edilir. Təlimlər əsasən onlayn formatda keçirilir, çünki iştirakçılar daha çox bu formata üstünlük verirlər. Bununla yanaşı, əyani iştirak etmək istəyən şəxslər üçün də imkan yaradılıb. Lazımi sayda, yəni təxminən 15 nəfərlik qrup formalaşdıqdan sonra dərslər Xidmətin Təlim-Tədris Mərkəzində keçirilir.
Bu fikirləri AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov iyulun 29-da keçirilən brifinqdə səsləndirib.
Onun sözlərinə görə, xüsusi həssas kateqoriyaya aid miqrantlarla da davamlı iş aparılır: "Xidmətin Qaçqın Statusunun Müəyyən Edilməsi İdarəsi əsasən sığınacaq axtaran şəxslərlə məşğul olur və bu istiqamətdə gündəlik əsasda çoxsaylı müraciətlərə baxılır. Ümumilikdə xidmətə müraciət edən hər bir əcnəbiyə fərdi yanaşma tətbiq edilir. Əməkdaşlar bir çox hallarda mentor və ya məsləhətçi qismində çıxış edərək onların müxtəlif problemlərinin həllinə dəstək göstərirlər. Bu dəstək təhsil, universitetlərə qəbul, səhiyyə xidmətlərinə çıxış, dövlət xidmətlərindən istifadə, məhkəmə məsələləri, ölkədə qalmanın hüquqi əsasları, vətəndaşlığı olmayan şəxslərin hüquqları, uşaqların məktəbə yerləşdirilməsi, tibbi sığorta, məşğulluq və digər sosial məsələləri əhatə edir. Başqa sözlə, əcnəbilərin qarşılaşdıqları istənilən hüquqi və ya sosial məsələ ilə bağlı xidmətin əməkdaşları müraciətləri araşdırır və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə onların həllinə kömək göstərməyə çalışırlar. İnteqrasiyanın təşviqi məqsədilə xidmətin rəsmi internet səhifəsində də mütəmadi olaraq məlumatlar paylaşılır və maraqlı şəxslər həmin materiallardan istifadə edə bilirlər”.
Vüsal Hüseynov vurğulayıb ki, bununla yanaşı, sahibkarlarla müntəzəm görüşlər təşkil olunur. Xidmətin Məşvərət Şurası çərçivəsində ölkənin iri işəgötürənləri ilə ildə azı iki dəfə görüş keçirilir. Həmçinin hər ilin may ayında sahibkarlıq subyektlərinə dəvətlər göndərilir və 60–70 nəfərin iştirakı ilə geniş müzakirələr təşkil edilir. Təhsil sahəsi ilə əməkdaşlıq da davamlı xarakter daşıyır. Hər il ən azı bir dəfə ali təhsil müəssisələrinin nümayəndələri və təhsil ictimaiyyəti ilə görüşlər keçirilir. Bundan başqa, xidmət yanında fəaliyyət göstərən Miqrant Şurası vasitəsilə Azərbaycanda yaşayan əcnəbilərin icmalarının nümayəndələri ilə mütəmadi görüşlər təşkil olunur. Həmin görüşlərdə miqrantları narahat edən məsələlər müzakirə edilir, onların təklif və problemləri dinlənilir.
“Hesab edirik ki, bütün bu tədbirlər ölkədə yaşayan əcnəbilərin cəmiyyətə daha uğurlu inteqrasiyasına xidmət edən mühüm mexanizmlərdir", - deyə xidmətin rəisi diqqətə çatdırıb.