İQTİSADİYYAT
Vüsal Qasımlı: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft-qaz strategiyası uğurla davam etdirilir
Bakı, 24 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft-qaz strategiyası, hətta dördüncü sənaye inqilabı şəraitində yeni çağırışlar fonunda və reallıqda uğurla davam etdirilir.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, indi əsas əmtəə neft deyil, datadır. Azərbaycan istər milli, istərsə də regional səviyyədə enerji bazarında mühüm rolunu saxlayır. Resursla zəngin Azərbaycanın “yaşıl inkişaf” xəttini tutması və işğaldan azad olunan torpaqları “yaşıl zona” elan etməsi enerji siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasıdır.
V.Qasımlının fikrincə, Azərbaycanın neft-qaz strategiyasında əsas fərqləndirici cəhət odur ki, biz dounstrim, yəni neft-kimya kompleksini inkişaf etdirməklə davamlılığı təmin edirik: “Azərbaycanın Türkiyəyə yatırdığı strateji sərmayələr təkcə qardaş ölkəni neft-kimya məhsulları ilə təmin etmir, həm də ixrac imkanlarını artırır. Paul Rosenstein-Rodan tərəfindən ədəbiyyata gətirilən “böyük təkan” konsepsiyasına görə, inkişaf üçün sürətli fəaliyyət və böyük miqdarda investisiya lazımdır. Bu baxımdan Azərbaycanın dounstrim-də yatırdığı böyük sərmayələr böyük təkan yaradacaq. Vaxtilə “Böyük təkan” sayəsində Yaponiyada inkişafı təşviq etmək üçün liberal dəyərlərə əsaslanan iqtisadiyyat yaradılıb”.
Vüsal Qasımlı vurğulayıb ki, Azərbaycan son zamanlar dünyada təbii qazın qiymətinin hər min kubmetrə görə iki min dolları keçdiyi halda özünü fürsətçil deyil, etibarlı partnyor kimi aparır. Azərbaycan və Türkmənistan arasında “Dostluq” yatağının istismarı, həmçinin Azərbaycan-İran-Türkmənistan arasında təbii qaz üzrə svop razılaşma ölkəmizin hələ uzun müddət təkcə enerji istehsalçısı deyil, həm də ixracat, tranzit və emal sahəsində mühüm rol oynayacağını göstərir.
V.Qasımlı sonda qeyd edib ki, əsas hədəf neft-qaz gəlirlərindən düzgün istifadə edərək iqtisadiyyatı şaxələndirmək olmalıdır: “2022-ci ildən etibarən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ortamüddətli dövrdə ardıcıl surətdə azaldılması nəzərdə tutulur. Həmin dövrün ilkin illərində icmal büdcənin cari ilin sonuna gözlənilən qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi ilə müqayisədə artımın gözlənilməsinə baxmayaraq, dövrün sonuna bu nisbətin cari ilin əvvəlindəki göstəricidən 10 faiz bəndədək enəcəyi hədəflənir”.