Vyanada ATƏT və MDB İcraiyyə Komitəsinin iştirakı ilə konfrans keçirilib
Bakı, 28 iyun, AZƏRTAC
İyunun 25-dən 27-dək Avstriyanın paytaxtı Vyanada ATƏT və MDB İcraiyyə Komitəsinin iştirakı ilə təhlükəsizlik məsələlərinə dair konfrans keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, konfransda İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin “MDB iştirakçısı olan dövlətlərin müasir çağırışlara və təhlükəsizliyə yönələn təhdidlərə qarşı mübarizəsi” mövzusunda məruzəsi təqdim edilib. Məruzədə qeyd olunur ki, ötənilki konfransdan keçən bir il ərzində dünyada vəziyyət yaxşılığa doğru dəyişməyib. Təəssüf ki, beynəlxalq münasibətlərdə münaqişəli vəziyyət davam edir, silahlar üzərində nəzarət mexanizmlər sıradan çıxır, böhranın aradan qaldırılması istiqamətində dünya birliyinin atdığı addımlar isə səmərəli nəticə vermir. Belə olan halda beynəlxalq təhlükəsizliyin təmin olunması üçün səylərin birləşdirilməsi olduqca vacibdir.
Məruzədə qeyd olunur ki, MDB məkanında gedən inteqrasiya prosesləri göstərir ki, təhlükəsizlik sahəsində geniş əməkdaşlığın alternativi yoxdur.
Konfransda çıxış edən ATƏT-in baş katibi Tomas Qreminqer də Avropada və bütün dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün dövlətlərin və beynəlxalq təşkilatların səylərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Tədbirdə beynəlxalq ekspertlər və politoloqların təhlükəsizlik məsələləri ilə bağlı məruzələri dinlənilib.