Vyananın azad edilməsində iştirak etmiş həmvətənlərimizin xatirəsi anılıb
Vyana, 10 may, AZƏRTAC
Faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə Avstriyadakı səfirliyimizin əməkdaşları həm ön, həm də arxa cəbhədə vuruşan, bu yolda canından keçən Azərbaycan oğul və qızlarının əziz xatirəsini yad etmək üçün Vyanadakı xatirə kompleksini ziyarət ediblər.
AZƏRTTAC xəbər verir ki, mərasim iştirakçıları ənənəvi olaraq Vyana mərkəzi qəbiristanlığında (Zentralfriedhof) İkinci Dünya müharibəsində həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidə önünə, Vyananın mərkəzi meydanlarından biri olan Şvartsenberqplatsda (Schwarzenbergplatz) şəhərin faşistlərdən azad olunmasında şücaət göstərmiş döyüşçülərin şərəfinə ucaldılmış abidə-kompleks önünə əklil qoyub və onların xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, İkinci Dünya müharibəsində yüz minlərlə Azərbaycan övladı alman nasizminə qarşı ön cəbhədə rəşadətlə vuruşub. Azərbaycanlılardan təşkil olunmuş milli diviziyalardan birinin döyüş yolu Avstriya torpaqlarından da keçib. 1945-ci ilin yazında Avstriyanın, xüsusilə də Vyananın nasistlərdən azad edilməsində 223-cü Azərbaycan milli atıcı diviziyası böyük şücaət göstərib. 1941-ci ildə təsis edilən altı Azərbaycan diviziyasından biri olan 223-cü diviziya Mozdokdan başlayaraq Zaqafqaziya, Cənubi Rusiya, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Macarıstan, Avstriya, Çexoslovakiya və Almaniyayadək şərəfli döyüş yolu keçib. İkinci Ukrayna cəbhəsinin 46-cı ordusu tərkibində Vyananın azad edilməsində göstərdiyi qəhrəmanlığa görə diviziya “Qırmızı bayraq ordeni” ilə təltif olunub.
Avstriya torpaqlarında İkinci Dünya müharibəsinin ən təsirli nişanələri isə “Mauthausen” əsir düşərgəsi və onun nəzdindəki kiçik düşərgələrdir. Azərbaycan səfirliyinin nümayəndə heyəti bu əsir düşərgələrinin faşizmdən azad edilməsi münasibətilə keçirilmiş mərasimdə iştirak edib, bu düşərgələrdə həlak olmuş və aralarında şəxsi məlumatları təsdiqlənmiş 81 azərbaycanlının da olduğu əsirlərin xatirəsinə əklillər qoyub, onları ehtiramla yad edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana