Vyetnam parlamenti Azərbaycana 20 min tibbi maska hədiyyə edib
Pekin, 12 may, AZƏRTAC
Vyetnam Sosialist Respublikasının Milli Assambleyası COVID-19 pandemiyasına qarşı mübarizə üçün Azərbaycan Respublikası Milli Məclisinə 20 min ədəd tibbi maska hədiyyə edib.
Azərbaycanın Hanoydakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Vyetnam parlamentinin binasında bu münasibətlə keçirilən tədbirdə Milli Assambleyanın Aparat rəhbəri Nquyen Hanh Phuc əvvəlcə 9 May - faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə Azərbaycan rəhbərliyinə ünvanlanan təbriklərini çatdırıb.
Aparat rəhbəri son aylar ərzində COVID-19 infeksiyasının dünyada geniş yayıldığını bildirərək, ölkələrin böyük əksəriyyətinin pandemiyanın törətdiyi ciddi fəsadlarla, o cümlədən insan tələfatı və iqtisadi tənəzzüllə üzləşdiyini deyib. O, COVID-19-un geniş yayılmasının qarşısının alınması məqsədilə Vyetnamda ciddi qabaqlayıcı tədbirlərin görüldüyünü bildirərək, ölkəsində pandemiyanın artıq nəzarət altına alındığını əlavə edib, bu mürəkkəb dövrdə yalnız birgə səylər sayəsində bu xəstəlik üzərində qələbənin qazanılmasının mümkünlüyünü xüsusi vurğulayıb.
Vyetnam ilə Azərbaycan arasındakı əlaqələrin zəngin tarixi keçmişə əsaslandığını bildirən Nquyen Hanh Phuc Azərbaycan Milli Məclisinə verilməsi məqsədilə Vyetnam Milli Assambleyası tərəfindən 20 min tibbi maskanı təqdim edib. O, uzunmüddətli səmimi dostluq münasibətlərinə əsaslanan bu addımın Vyetnam parlamentinin COVID-19-un ölkəmizdə yaratdığı çətinliklərin aradan qaldırılmasında Azərbaycanın qanunverici orqanına yardım göstərmək istəyini əks etdirdiyini bildirib.
Nquyen Hanh Phuc COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən əməli tədbirlərin uğurla nəticələnəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın bu ölkədəki səfiri Anar İmanov hədiyyə olunan tibbi maskalara görə qarşı tərəfə təşəkkürünü bildirib, Vyetnamın bu ianəsinin xalqlarımız arasında səmimi dostluq münasibətlərinin, habelə ölkələrimizin yüksək səviyyəli əlaqələrinin aydın təzahürü olduğunu deyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin