MƏDƏNİYYƏT
X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir
AZƏRTAC-ın stendi ziyarətçilərin diqqət mərkəzindədir
Bakı, 5 oktyabr, AZƏRTAC
X Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, ziyarətçilərin böyük marağına səbəb olan sərgi zamanı müxtəlif yerli və xarici müəlliflərin kitab təqdimatları, imza günləri keçirilir. Sərginin tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) X Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir. AZƏRTAC-ın stendini yerli və xarici qonaqlar, Vətən müharibəsi iştirakçıları ziyarət ediblər. Qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC-ın tarixi, bir əsrdən çox dövrdə keçdiyi yol barədə ətraflı məlumat verilib, Vətən müharibəsi və postmüharibə dövründə fəaliyyətindən, Azərbaycan həqiqətlərinin dünyaya 8 dildə çatdırılmasından bəhs olunub. Həmçinin öz xidməti vəzifələrini yerinə yetirərkən agentliyin şəhid olan əməkdaşı Məhərrəm İbrahimov barədə söhbət açılıb. Ziyarətçilər AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirib, hər zaman dəqiq xəbərləri agentliyin rəsmi saytından izlədiklərini bildirib, kollektivə uğurlar arzulayıblar.
Qeyd edək ki, builki yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib. Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.
Həmçinin Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən şair Salam Sarvan və yazıçı Rövşən Abdullaoğlu sərginin fəxri yazarları seçiliblər. Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn, Azərbaycanəsilli Fəriba Vəfi də sərginin fəxri qonaqları sırasındadırlar. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.